Qlaukoma göz xəstəliyi

Qlaukoma haqqında

Qlaukoma xəstəliyi xalq arasında Qara su xəstəliyi kimi tanınır. Eyni zamanda xəstəliyin kəskin dövründə göz bəbəyi sarımtıl-yaşıl rəngdə göründüyünə görə bu xəstəlik Yaşıl su xəstəliyi də adlandırılır. Qlaukoma gözdaxili təzyiqin artması nəticəsində gözün optik sinirinin atrofiyasına və xəstənin görmə qabiliyyətinin itməsinə səbəb olan olduqca ciddi bir göz xəstəliyidir. Qlaukoma 40 yaşdan yuxarı insanlarda korluğun ən geniş yayılmış səbəbləri arasındadır.

Qlaukomanın simptomları

Qlaukoma hiyləgər xəstəlikdir. İllərlə inkişaf etsə də çox hallarda ilkin mərhələlərdə ozünü biruzə vermir və şikayətsiz meydana çıxır. İllər ərzində yavaş-yavaş irəliləyərək görmə sinirinə zərər verir və görmə hissiyyatı getdikcə azalır.

Qlaukomanın əsas əlamətləri

  • Gözdə ağrı
  • Gözdə qızarma
  • Bulanıq görmə
  • İşıq ətrafında rəngli halqaların görülməsi
  • Mədə bulantısı
  • Qusma

Qlaukomanın səbəbləri

Əsas səbəb olaraq göz daxilində ifraz olunan və gözün qidalanması üçün vacib olan göz daxili mayenin boşala bilməməsi nəticəsində göz daxili təzyiq yüksəlir, bununla da optik sinirə zərər verir və nəticədə xəstədə qlaukoma xəstəliyi əmələ gəlir.

Qlaukoma xəstəliyi üzrə risk qrupları

  • Genetik faktorlar
  • Hipertaniya
  • Şəkər xəstəliyi
  • Qan azlığı
  • Yüksək miopiya
  • Yüksək hipermetropiya
  • Miqren
  • Gərgin həyat tərzi
  • Uveyt
  • Uzunmüddətli kartizon müalicəsi
  • 40 yaşdan yuxarı insanlar
  • Göz travmaları və s.

Bu risk qruplarına daxil olan insanlarda qlaukoma xəstəliyinin orataya çıxma riski yüksək olduğu üçün göz sinirinə dəyən zərəri erkən müəyyən etmək məqsədi ilə bu insanların mütəmadi olaraq göz müayinəsindən keçmələri mütləqdir.

Qlaukomanın dərman müalicəsi

Hər hansı müalicə tədbirlərinin seçilməsi xəstənin ağırlıq vəziyyətindən asılı olaraq dəyişir. Müalicənin məqsədi xəstənin görmə qabiliyyətinin itməsinin qarşısını almaqdır. Qlaukoma xəstəliyinin müalicəsində ilk öncə həkim nəzarəti altında göz təzyiqini aşağı salmaq məqsədi ilə medikamentoz damcılardan istifadə olunur.  Təyin olunmuş damcılar hər gün müəyyən edilmiş saat intervalında daimi olaraq istifadə olunmalıdır. Dərman müalicəsinə baxmayaraq xəstənin göz təzyiqi düşmürsə və görmə sahəsi daralırsa bu halda xəstəyə lazer və cərrahi müalicə təyin olunur.